BAKU Azərbaycan
15.03 °C

“Tokio-2020”-də medal qazanan idmançılara pul mükafatı veriləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycanın idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Gazette.az xəbər verir ki, Sərəncama əsasən, “Tokio-2020”-də ikinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat mükafatı təyin edilib.

Xatırladaq ki,  Tokio Olimpiadasına 44 idmançı ilə qatılan Azərbaycan komandası dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.

Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyevdir.

Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurublar. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırıblar.

Komandamız medalların sayına görə 31-ci, əyarına görə isə 67-ci sırada qərarlaşıb.