BAKU Azərbaycan
15.03 °C

Cüdo üzrə milli komandanın məşqçilər heyəti istefaya göndərilib

Avqustun 2-də Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.

Federasiyadan Gazette.az-a verilən məlumata görə, iclasda kişilərdən ibarət cüdo millimizin Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyətinin bütünlüklə istefaya göndərilməsi barədə qərar qəbul edilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan göndərilib.

Həmçinin yüksək əmək haqqı alan cüdoçuların maaşlarının onların son bir ildə beynəlxalq nüfuzlu yarışlardakı nəticələrinə uyğun ödəniləcəyi barədə qərar verilib.

Kişilərdən ibarət cüdo üzrə milli komandanı çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət millinin baş məşqçisi Elçin İsmayılova tapşırılıb.

Xatırladaq ki, Tokioda keçirilən Yay Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunan cüdo yığmamızdan yalnız qadın idmançımız İrina Kindzerska bürünc medal qazanmağa müvəffəq olmuşdu.