BAKU Azərbaycan
26.03 °C

Bu gündən Azərbaycanda yeni tədris ili başlayır

Sentyabrın 22-də Azərbaycanın ümumtəhsil müəssisələrinin I-IV siniflərində ənənəvi şəkildə tədrisə start veriləcək.

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91 min 538 şagird təhsil alacaq.

Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir. 

Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir.

Yeni tədris ilində I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq. Bu barədə təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrdə qeyd edilib.

2021-2022-ci tədris ilində şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7 milyon 030 min 264 nüsxə dərslik çap olunub.

Ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.

Ümumi təhsil müəssisələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.

Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Математика” dərslikləri, həmin dərsliklərlə müəllim və valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.

Bundan başqa, tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.