
İndoneziyada “ASAN xidmət” təcrübəsi əsasında 300-dən çox mərkəz fəaliyyət göstərir
İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin Asiya-Sakit okean və Afrika məsələləri üzrə baş direktoru Santo Darmosumartonun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzində olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib.
2017-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Həmçinin 2024-cü ildə İndoneziya tərəfi ilə imzalanmış Fəaliyyət Planının icrası istiqamətində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə məlumat verilib.
İndoneziya tərəfi öz növbəsində Azərbaycanın “ASAN xidmət” modelinin ölkələrində uğurla tətbiqini, müvafiq sahələr üzrə ikitərəfli əməkdaşlığın növbəti illərdə daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
Hazırda İndoneziyada “ASAN xidmət” təcrübəsi əsasında 300-dən çox dövlət xidməti mərkəzi fəaliyyət göstərir.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





