BAKU Azərbaycan
24.03 °C

“Vüqar Həşimov” klubu Avropa kubokunda ilk dəfə məğlub olub

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışı davam edir.

Sentyabrın 20-də turnirin üçüncü turunun oyunları keçirilib. Bu turda Azərbaycanı təmsil edən “Vüqar Həşimov” klubu İsrailin “Beer Sheva” komandası ilə qarşılaşıb. Şahmatçılarımız İsrail yığmasına 2:4 hesabla məğlub olublar.

Azərbaycanın digər qrosmeysterləri Şəhriyar Məmmədyarovun mübarizə apardığı Makedoniyanın “Alkaloid” komandası Nicat Abasovun heyətində yer aldığı İspaniyanın “Silla” komandası ilə üz-üzə gəlib. Yarışın favoriti olan Makedoniya yığması İspaniya komandasına 2,5:3,5 hesabla məğlub olub. Ş.Məmmədyarov ukraynalı Anton Korobov ilə heç-heçə edib, N.Abasov isə rusiyalı şahmatçı Daniil Dubov üzərində qələbə qazanıb.

Qeyd edək ki, 38 komanda mübarizə apardığı Avropa kubokunda “Vüqar Həşimov” klubu növbəti turda şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Silla” komandası ilə üz-üzə gələcək.