BAKU Azərbaycan
12.03 °C

“Qarabağ” Kipr səfərindən heç-heçə ilə qayıdır

Avqustun 5-də Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Gazette.az xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz üçüncü təsnifat mərhələsinin ilk görüşü çərçivəsində Kiprdə AEL-in qonağı olub. İsveçli baş hakim Qlenn Nyuberqin idarə etdiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçın 69-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Stefan Şcepoviç penaltidən fərqlənməklə komandasını hesabda önə çıxarıb. Görüşün 93-cü dəqiqəsində Ağdam klubunun heyətində Abdullah Zubir adını tabloya yazdırıb.

“Qarabağ”ın qolundan sonra oyunda xoşagəlməz hadisə yaşanıb. Arenaya toplaşan azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlərə əl atıblar. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov başda olmaqla texniki zonadakılar baş hakimə bununla bağlı etirazlarını bildiriblər. Hakimin müdaxiləsinə baxmayaraq, kiprli azarkeşlər tərbiyəsiz davranışlarını davam etdiriblər. Nəticədə referi matçın dayandırılmasını qərara alıb. Oyun bir neçə dəqiqədən sonra bərpa olunub.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 12-də Bakıda keçiriləcək. Bu cütün qalibi pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) duelinin güclüsü ilə qarşılşacaq.