
Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb
Oktyabrın 14-də Bakıda Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü ilə əlaqədar imzalanma mərasimi keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan, AQEM baş katibi Kairat Sarıbay və AQEM-in təsisedici sənədlərinin depozitarisi qismində Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak edib.
Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan AQEM-in əsas təsisedici sənədləri olan Üzv dövlətlər arasında münasibətləri tənzimləyən prinsiplər haqqında 14 sentyabr 1999-cu il tarixli Bəyannaməni və 4 iyun 2022-ci il tarixli Almatı Aktını imzalayıb.
Laosun üzvlüyü barədə yekun qərarın AQEM-in oktyabrın 15-də Bakıda baş tutacaq Yeddinci Zirvə Görüşündə təsdiqlənməsi nəzərdə tutulur. Bununla, AQEM üzv dövlətlərinin sayı 29-a çatacaq.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





