
Bu rayonlarda səyyar tibbi müayinələr təşkil edilib
TƏBİB ahıl və həssas qruplara daxil olan şəxslərin, uşaq, hamilə və zahı qadınların yerində müşahidəsini aparmaq, tibbi xidmətlərə əlçatanlığı təmin etmək, o cümlədən icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı maarifləndirmə işinin gücləndirilməsinə dəstək məqsədilə kənd yerlərində tibbi müayinə tədbirlərini davam etdirir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə rayonun ucqar dağ kəndləri olan Günəhir, Türkəncil, Baliton, Horavenc kəndlərində, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkimlərinin iştirakı ilə rayonun Pirkəkə, Yenikənd, Kotanarx və Nehrəxəlil kəndlərində sakinlərin səyyar tibbi müayinəsi təşkil edilib.
Rayon mərkəzi xəstəxanalarının müxtəlif ixtisaslı həkimləri (terapevt, pediatr, ginekoloq, laboratoriya, şüa-diaqnostika həkimi və s.) tərəfindən icbari tibbi sığorta çərçivəsində ümumilikdə 300-ə yaxın sakinə (uşaqlar da daxil olmaqla) 450-dən çox tibbi xidmət göstərilib.
Müayinələr zamanı ixtisaslı tibbi xidmətlərə ehtiyacı yaranan sakinlərin aidiyyəti tibb müəssisələrinə yönləndirilməsi təmin edilib.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizin səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlar verilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





