
Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri də enerji sektorudur. Hər iki ölkənin enerji sahəsində müəyyən təcrübəyə və potensiala malik olması qarşılıqlı əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Enerji əməkdaşlığı artıq yalnız ənənəvi neft-qaz sahəsi ilə məhdudlaşmır. Yaşıl enerji istiqamətinin gündəliyə daxil edilməsi tərəfdaşlığın gələcəyə hesablandığını göstərir.
Öbəkistana Dövlət səfərindən öncə bu ölkənin Milli İnformasiya Agentliyinə müsahibə verən Möhtərəm Prezident cənab İlham Əliyev iki qardaş ölkə arasında hərtərəfli münasibətlərə, o cümlədən enerji mübadiləsinə xüsusi diqqət çəkdi. Özbəkistanın OZLITINEFTGAZ institutu ilə Azərbaycanın SOCAR NIPI Nefteqaz qurumu əsasında yaradılan birgə müəssisənin fəaliyyəti bu əməkdaşlığın praktiki nümunəsidir. 2016-cı ildən fəaliyyət göstərən “Neftegaztexnologiya” birgə müəssisəsi iki ölkənin texniki və peşəkar imkanlarının birləşdirilməsinə xidmət edir. 2024-cü ildə SOCAR və “Özbəknefteqaz” arasında yaradılmış “Turan Energy AFEZCO” da əməkdaşlığın yeni mərhələsini nümayiş etdirir. Bu müəssisənin Azərbaycan istehsalı olan yüksək təzyiqli polietilenin Özbəkistana ixracında iştirak etməsi sənaye əlaqələrinin genişləndiyini göstərir. Belə layihələr enerji sektorunun digər sənaye sahələri ilə qarşılıqlı əlaqəsini də gücləndirir. Lakin gələcək baxımından yaşıl enerji əməkdaşlığı daha geniş perspektivlər vəd edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika qurumlarının iştirakı ilə “Yaşıl Dəhliz Birliyi”nin yaradılması bu baxımdan mühüm addımdır. Bu təşəbbüs Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizinin reallaşdırılmasına xidmət edir. Layihənin məqsədlərindən biri bərpaolunan enerjinin ixracı və Xəzər dənizinin dibi ilə nəqli imkanlarının əlaqələndirilməsidir. Bu istiqamət Azərbaycan ilə Mərkəzi Asiya arasında enerji əməkdaşlığının coğrafiyasını genişləndirə bilər. Enerji dəhlizlərinin inkişafı ölkələr arasında iqtisadi əlaqələrin daha sıx bağlanmasına imkan yaradır. Digər mühüm istiqamət nəqliyyat və logistika əməkdaşlığıdır. Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqeyi onları Şərqlə Qərb arasında əlaqələrin inkişafında təbii tərəfdaşlara çevirir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının 6,7 faiz artaraq 1,4 milyon tona çatması müsbət dinamikanı göstərir. 2026-cı ilin ilk altı ayında da daşımaların artması bu tendensiyanın davam etdiyini nümayiş etdirir. Bu göstəricilər nəqliyyat əlaqələrinin real iqtisadi məzmun qazandığını təsdiqləyir. Özbəkistan üçün Azərbaycan üzərindən Qərb bazarlarına çıxış imkanlarının genişlənməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan üçün isə Mərkəzi Asiyanın artan iqtisadi potensialına daha sıx inteqrasiya yeni imkanlar yaradır.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə əlaqələndirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə inteqrasiya regionlararası yükdaşımaların coğrafiyasını genişləndirə bilər. Nəqliyyat və enerji layihələrinin paralel inkişafı iqtisadi əlaqələrin daha davamlı olmasına şərait yaradır. Çünki müasir regional əməkdaşlıqda enerji, logistika və ticarət bir-birindən ayrı proseslər deyil. Bu sahələrin qarşılıqlı tamamlanması Azərbaycan və Özbəkistanın regional tranzit imkanlarını daha səmərəli şəkildə birləşdirə bilər. Eyni zamanda belə əməkdaşlıq Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə də töhfə verə bilər. Nəticə etibarilə, enerji və nəqliyyat əməkdaşlığı Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək iqtisadi arxitekturasının mühüm elementlərindən biridir. Bu istiqamətlərin inkişafı iki ölkənin yalnız ikitərəfli əlaqələrini deyil, daha geniş Avrasiya məkanında qarşılıqlı bağlantıları da gücləndirə bilər.
Səlmi Məhərrəmova
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





