
Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyində artan rolu
Bu günlərdə keçirilən Bakı Enerji Həftəsi 2026 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev enerji təhlükəsizliyi, qaz ixracının genişlənməsi və Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyi ilə bağlı mühüm mesajlar verdi.
Çıxışda xüsusilə vurğulanan məqamlardan biri Azərbaycan qazını idxal edən ölkələrin sayının artaraq 16-ya çatması və onların 10-nun Avropa İttifaqına üzv dövlətlər olmasıdır. Məlum olduğu kimi son illərdə qlobal enerji bazarında baş verən geosiyasi dəyişikliklər enerji mənbələrinin şaxələndirilməsini Avropa ölkələri üçün strateji prioritetə çevirib. Bu şəraitdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi öz mövqeyini daha da gücləndirib. Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarının Avropaya çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizi artıq qitənin enerji təhlükəsizliyinin mühüm elementlərindən birinə çevrilib.
Prezidentin qeyd etdiyi kimi, bu gün Avropa enerji bazarını həmin dəhliz olmadan təsəvvür etmək çətindir. Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının bir il ərzində 12-dən 16-ya yüksəlməsi ölkənin enerji diplomatiyasının uğurunu göstərir. Bu artım həm Azərbaycanın etibarlı təchizatçı kimi nüfuzunu möhkəmləndirir, həm də Avropa dövlətlərinin enerji mənbələrinin diversifikasiyası siyasətinə mühüm töhfə verir.
Xüsusilə Avropa İttifaqının üzvü olan ölkələrin Azərbaycan qazına artan tələbatı ölkənin strateji əhəmiyyətini daha da yüksəldir. Qarşıdakı dövrdə qaz hasilatının artırılması istiqamətində həyata keçirilən layihələr də xüsusi diqqət çəkir. Prezident çıxışında Azəri-Çıraq-Günəşli dərin qaz layihəsi və Abşeron yatağı kimi perspektivli layihələri vurğuladı. Bu layihələrin reallaşdırılması Azərbaycanın ixrac potensialını artırmaqla yanaşı, qlobal enerji təhlükəsizliyinə daha böyük töhfə verməsinə şərait yaradacaq. Çıxışın digər mühüm məqamı Azərbaycanın enerji sektorunda əldə etdiyi gəlirlərin beynəlxalq investisiyalara yönəldilməsidir. Vaxtilə xarici investisiyalara ehtiyac duyan Azərbaycan artıq xarici ölkələrə sərmayə yatıran dövlətə çevrilib.
Bu prosesdə SOCAR aparıcı rol oynayır. Şirkətin Yaxın Şərq, Afrika və Mərkəzi Asiyada həyata keçirdiyi layihələr Azərbaycanın iqtisadi və geosiyasi təsir imkanlarını genişləndirir. Nəticə etibarilə, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsindəki çıxışı Azərbaycanın beynəlxalq enerji bazarında artan rolunu, Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini və enerji siyasətinin uzunmüddətli uğurlarını bir daha nümayiş etdirdi. Mövcud layihələrin uğurla icrası və yeni enerji təşəbbüslərinin həyata keçirilməsi Azərbaycanın qlobal enerji sistemində mövqeyini daha da gücləndirəcəkdir.
Aynurə İsmayılova
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





