
Azərbaycan–Serbiya münasibətləri artıq yalnız mövcud əməkdaşlıqla məhdudlaşmır
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Serbiya Respublikasına səfəri zamanı səsləndirdiyi “gələcək üçün açıq-aydın planlar”la bağlı fikirlər Azərbaycan–Serbiya münasibətlərinin artıq yalnız mövcud əməkdaşlıqla məhdudlaşmadığını, strateji perspektivə yönəldiyini göstərir.
Dövlət başçısının vurğuladığı kimi, Serbiya–Azərbaycan Strateji Şurasının ilk iclasında müzakirə olunan məsələlər iki ölkə arasında əlaqələrin institusional səviyyədə formalaşdırıldığını və uzunmüddətli əməkdaşlıq xəritəsinin müəyyənləşdirildiyini nümayiş etdirir. Bu bəyanatın əsas mahiyyəti ondan ibarətdir ki, Bakı və Belqrad münasibətləri yalnız diplomatik əlaqə kimi deyil, çoxşaxəli strateji tərəfdaşlıq modeli kimi inkişaf etdirmək niyyətindədir. Ölkə başçısı çıxışında qeyd etdi ki, gələcək planlar siyasi sahədə qarşılıqlı dəstəyin davam etdirilməsini nəzərdə tutur. Bu, xüsusilə beynəlxalq təşkilatlar və platformalarda bir-birinin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu mövqe həm Azərbaycan, həm də Serbiya üçün prinsipial xarakter daşıyan məsələlərdə ortaq siyasi xəttin formalaşdığını göstərir və tərəflər arasında strateji etimadın yüksək səviyyəsini təsdiqləyir. Bəyanatda iqtisadi istiqamətdə birgə sərmayə layihələrinin genişləndirilməsi xüsusi vurğulanır. Bu yanaşma tərəflərin iqtisadi əməkdaşlığı yeni mərhələyə keçirmək niyyətindən xəbər verir. Azərbaycan investisiya imkanlarına malik enerji və logistika ölkəsi kimi, Serbiya isə Avropa bazarlarına çıxış baxımından əlverişli coğrafi mövqedə yerləşən sənaye və tranzit məkanı kimi bir-birini tamamlayan tərəfdaşlardır.
Bu baxımdan birgə layihələrin həyata keçirilməsi yalnız iki ölkənin iqtisadiyyatına deyil, həm də regional əməkdaşlıq formatlarına müsbət təsir göstərə bilər. Energetika sahəsi də əməkdaşlığın genişləndirilməsi üçün əsas faktorlardan biridir. Azərbaycanın enerji ixracatçısı kimi artan rolu, Serbiyanın isə enerji təhlükəsizliyini gücləndirmək ehtiyacı bu sahədə əməkdaşlığı strateji xarakterə çevirir. Prezident İlham Əliyev yeni imkanlardan yararlanmaq və mövcud enerji marşrutlarının genişləndirilməsi ilə bağlı perspektivləri qeyd etməklə, bu istiqamətin gələcək tərəfdaşlığın əsas dayaqlarından biri olacağını göstərir. Nəqliyyat sahəsində əməkdaşlıq isə regionlararası əlaqələrin genişləndirilməsi baxımından mühüm qiymətləndirilir. Məlum olduğu kimi bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin vacib qovşaqlarından biri kimi çıxış edir və Serbiyanın Avropa məkanında tranzit imkanları ilə birləşdikdə bu, yeni logistika marşrutlarının formalaşmasına səbəb ola bilər.
Bu yanaşma iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, Avrasiya məkanında alternativ nəqliyyat xəritəsinin formalaşmasına da töhfə verə bilər. Dövlət başçısı çıxışında bu əməkdaşlıq istiqamətlərinin ümumi məqsədini “güclü sinergiya yaratmaq” kimi ifadə etməklə, Azərbaycan–Serbiya münasibətlərinin qarşılıqlı fayda, strateji uyğunluq və uzunmüddətli tərəfdaşlıq üzərində qurulduğunu vurğulamış oldu.
Bu fikir həm siyasi, həm iqtisadi, həm də enerji və nəqliyyat sahələrində əməkdaşlığın bir-birini tamamlayan vahid sistem kimi nəzərdə tutulduğunu göstərir və iki ölkə arasında münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə işarə edir.
Vüsal Atayev
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





