
“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı elmi konfrans uğurla həyata keçirilib
“Referans Medical Group” və Türkiyənin “Uğur Sağlık Teknolojileri” MMC şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və KOBİA tərəfdaşlığı ilə “Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı elmi konfrans baş tutub.
Gazette.az xəbər verir ki, tədbirdə tibdə innovativ texnologiyaların tətbiqi, süni intellekt əsaslı həllərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Dövlət qurumlarının nümayəndələri, Türkiyə və Azərbaycan səhiyyə mütəxəssisləri rəqəmsallaşma, tibbi innovasiyalar və texnoloji tərəqqinin əhəmiyyəti barədə çıxış ediblər.
Açılış mərasimində Referans Medical Group Müşahidə Şurasının sədri Hansıyar Babayev, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin İcraçı direktoru Fariz Cəfərov, KOBİA-nın sədr müavini Emil Hüseynli və “Uğur Sağlık Teknolojileri” MMC-nin Baş icraçı direktoru Yurdanur Murzoğlu çıxış edərək tibbi innovasiyaların inkişafı və beynəlxalq tərəfdaşlığın gücləndirilməsini vurğulayıblar.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov çıxışı zamanı bildirib ki, bütün dünyada süni intellekt diaqnostika, klinik qərarların dəstəklənməsi, həmçinin xəstə davranışlarının analizi sahəsində həkimlərin ən güclü köməkçisinə çevrilib.
“Əlbəttə ki, heç bir texnologiya həkimin yerini tuta bilməz, amma həkimin göstərdiyi xidməti daha güclü, çevik və effektiv edə bilər. TƏBİB olaraq biz bu transformasiyanın əsas tərəfdaşlarından biri olmağa çalışırıq. Tətbiq etdiyimiz və edəcəyimiz mexanizmlər bizə ilk dəfə real vaxtda ölkə üzrə səhiyyə mənzərəsini görmək, qərarları faktlara əsasən vermək imkanı yaradır. Nəticədə, biz təkcə müalicə prosesini deyil, idarəetmə modelini də dəyişirik,” – deyə o qeyd edib.
Anar İsrafilov əlavə edib ki, texnologiyanın mərkəzində insan dayanmadıqca, onun heç bir mənası yoxdur:
“TƏBİB-in yanaşması budur ki, biz texnologiyanı insanı qorumaq, gücləndirmək və daha keyfiyyətli xidmət göstərmək üçün tətbiq edirik. Rəqəmsallaşma prosesində bizim üçün ən vacib istiqamətlərdən biri insan kapitalıdır. Çünki texnologiya yalnız onu istifadə edə bilən, onu anlayan və ona inanan mütəxəssisin əlində dəyər qazanır. Buna görə biz tibb işçilərinin rəqəmsal bacarıqlarının artırılması, təlimlər və yeni nəsil idarəetmə yanaşmaları üzərində xüsusi diqqət yetiririk.”
Konfransda həmçinin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu sənəd süni intellektin inkişafını təşviq edir, müasir texnologiyaların tətbiqini və ixtisaslı kadr potensialının gücləndirilməsini dəstəkləyir.
Tədbir çərçivəsində Türkiyənin səhiyyə və texnologiya şirkətləri süni intellekt əsaslı reanimasiya sistemləri, VR simulyasiya texnologiyaları, uzaqdan fizioterapiya platformaları və müasir radioloji tətbiqlərlə bağlı təqdimatlar keçiriblər. Eyni zamanda, Leyla Medical Center-in Tibbi direktoru Dr. Sevda Cəfərova və Referans Medical Group-un Tibbi administratoru Dr. İbrahim Sivrikayanın moderatorluğu ilə innovativ tibbi texnologiyaların gələcək perspektivləri müzakirə olunub.
Konfrans çərçivəsində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı MMC ilə “Uğur Sağlık Teknolojileri Azərbaycan” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan tibbi innovasiyalar və rəqəmsal səhiyyə sahəsində irəliləyərək sağlam gələcəyin formalaşmasına töhfə verməkdə davam edir.






ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





