BAKU Azərbaycan
14.03 °C

Qarabağ Dirçəliş Fondu və AFFA arasında Memorandum imzalanıb

13 sentyabr 2021-ci il tarixində Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qarabağ Dirçəliş Fondu (QDF) arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Fonddan GAZETTE-yə verilən məlumata görə, memorandumu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Anlaşma Memorandumuna əsasən, AFFA 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 (on) faizini QDF-ə ianə edəcək.

Bundan başqa, AFFA tərəfindən Azərbaycan milli komandasının oyunları zamanı ictimaiyyət arasında ianəçilik mədəniyyətinin təbliğinə geniş yer veriləcək. Memorandumun şərtlərinə uyğun olaraq, AFFA-nın dəstəyi ilə keçirilən digər peşəkar və həvəskar futbol turnirləri çərçivəsində də QDF-in təşəbbüsləri dəstəklənəcək. Qarabağ Dirçəliş Fondu isə öz növbəsində keçirəcəyi tədbirlər zamanı AFFA-nı tərəfdaş kimi qeyd edəcək.