BAKU Azərbaycan
15.03 °C

Avropa çempionatında bütün yarımfinalçılar müəyyənləşdi

Serbiya, Rumıniya, Bolqarıstan və Xorvatiyanın təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin son 2 görüşü keçirilib.

GAZETTE xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən oyunlarda ilk öncə meydana İtaliya və Rusiya yığmaları çıxıb. Matçın gərgin keçəcəyi öncədən proqnozlaşdırılsa da gözlənilənlərin əksinə olaraq İtaliya Rusiya qarşısında çətinlik çəkməyərək 3-0 (25-20; 25-8; 25-18) hesabı ilə qalib gəlib.

Mərhələnin son matçında təşkilatçı ölkə Serbiya millisi Fransa yığması ilə qarşılaşıb. Görüşün ilk setində qalib gəlməsinə baxmayaraq fransızlar güclü serblər qarşısında duruş gətirə bilməyiblər. Meydan sahiblərinə ardıcıl 3 setdə məğlub olan Fransa qitə birinciliyi ilə vidalaşıb, 3-1 (22-25; 25-18; 25-7; 25-20).

Xatırladaq ki, çempionatın digər 1/4 final qarşılaşmalarında Türkiyə və Niderland yığmaları müvafiq olaraq Polşa və İsveç millilərini qura hesabla keçərək ən güclü 4 komanda arasına düşməyi bacarmışdılar.

Sentyabrın 3-də Belqradda oynanılacaq Avropa çempionatının yarımfinalında İtaliya Niderlandla, Serbiya isə naməğlub Türkiyə ilə qarşı-qarşıya gələcək.