
Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əlaqələr son illərdə əhəmiyyətli dərəcədə genişlənib.
Dövlət başçısı cənab İlham Əliyev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündəki çıxışında ticarət, investisiya və birgə layihələrin bu əməkdaşlığın əsas istiqamətləri olduğunu bildirdi. Faktdır ki, ticarət dövriyyəsinin artması qarşılıqlı iqtisadi maraqların möhkəmləndiyini göstərir. Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə fəaliyyət göstərən 400-dən çox şirkətin olması bu əlaqələrin praktiki nəticələrindən biridir. Bununla yanaşı, əməkdaşlığın yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşdırılmaması mühüm strateji yanaşmadır. Müasir iqtisadi münasibətlərdə birgə investisiyalar və istehsal layihələri daha böyük əlavə dəyər yaradır. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların kapitalının yüz milyonlarla dollar təşkil etməsi genişmiqyaslı layihələr üçün maliyyə imkanlarının olduğunu göstərir. Ölkə başçısının fikrincə, bu imkanlardan daha fəal istifadə etmək vacibdir. Birgə investisiyaların genişləndirilməsi yeni istehsal müəssisələrinin yaradılmasına şərait yarada bilər. Bu isə region ölkələri arasında sənaye kooperasiyasının inkişafına xidmət edər. Sənaye əməkdaşlığının güclənməsi iqtisadi əlaqələrin daha dayanıqlı əsaslara keçməsini təmin edə bilər. Belə əməkdaşlıq həm də ölkələrin istehsal potensiallarının bir-birini tamamlamasına imkan yaradır. Azərbaycan öz coğrafi mövqeyi və infrastruktur imkanları ilə regional istehsal və logistika zəncirlərində mühüm rol oynaya bilər.
Mərkəzi Asiya ölkələrinin təbii və iqtisadi resursları isə bu zəncirlərin digər mühüm həlqəsini təşkil edir. Birgə istehsal layihələrinin xarici bazarlara çıxarılması əməkdaşlığın coğrafiyasını daha da genişləndirə bilər. Bu yanaşma ölkələri yalnız regional deyil, beynəlxalq iqtisadi proseslərin də daha fəal iştirakçılarına çevirə bilər. İnvestisiya əməkdaşlığının genişlənməsi qarşılıqlı etimadı da möhkəmləndirir. Çünki uzunmüddətli kapital qoyuluşları tərəflərin bir-birinə olan inamının mühüm göstəricisidir. Birgə fondların fəaliyyəti yeni layihələrin maliyyələşdirilməsi üçün çevik mexanizm yarada bilər. Eyni zamanda, bu mexanizm özəl sektorun regional layihələrə marağını artıra bilər. İqtisadi əməkdaşlığın dərinləşməsi yeni iş yerlərinin yaranmasına və istehsal imkanlarının genişlənməsinə şərait yarada bilər.
Cənab Prezidentin çıxışında ifadə olunan yanaşma iqtisadi münasibətlərin kəmiyyətindən daha çox keyfiyyətinin artırılmasını nəzərdə tutur. Burada əsas məqsəd daha çox ticarət etməkdən əlavə, birlikdə investisiya qoymaq, istehsal etmək və dünya bazarlarına çıxmaqdır.
Bu model Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iqtisadi potensiallarını vahid əməkdaşlıq məkanında birləşdirə bilər. Beləliklə, investisiya fondları və birgə layihələr regional iqtisadi tərəfdaşlığın yeni mərhələsinin əsas alətlərindən birinə çevrilə bilər.
Gülnarə Qasımova
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





