BAKU Azərbaycan
15.03 °C

Dünya kubokunda iştirak edəcək şahmatçılarımız bəlli olub – SİYAHI

Rapid üzrə onlayn dünya kuboku turnirinin seçmə mərhələsi çərçivəsində 18, 16 yaşlı oğlanlar, 10, 12 yaşlı qızlar arasında yarışlara yekun vurulub.

GAZETTE xəbər verir ki, 18 yaşlıların mübarizəsində uğurla çıxış edən təmsilçimiz Aydın Süleymanlı 8,5 xalla bütün rəqiblərini üstələyərək birinci yeri tutub. Digər şahmatçılarımız Əhməd Əhmədzadə 35-ci, Vüqar Manafov (hər ikisi 6 xal) 38-ci, Elnur Teymurov (5 xal) 73-cü yerləri tutublar.

16 yaşadək şahmatçılar arasında 7,5 xal toplayan Xəzər Babazadə 5-ci, Şiroğlan Talıbov 12-ci olub. Sadiq Qarayev isə 6 xalla 57-ci pillədə qərarlaşıb.

12 yaşlı qızların yarışında Xanım İsmayılova 7 xalla 19-cu yerə sahib olub. Ayan Hüseynli, Lalə Hüseynova isə 6 xalla 36-cı və 38-ci yerləri tutublar.

Təmsilçimiz Səadət Bəşirli isə 10 yaşlı qızlar arasında 7 xalla 14-cü sırada qərarlaşıb.

Qeyd edək ki, bundan əvvəl 10, 12 yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışlar başa çatıb. 10 yaşlı oğlanların yarışında Xaqan Əhməd, on iki yaşlılarda isə Cahandar Azadəliyev birinci yeri tutublar.

18 yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıblar.

Beləliklə, hər yaş qrupunda 16 şahmatçının iştirakı ilə baş tutacaq final mərhələsinə 6 şahmatçımız vəsiqə qazanıb: Allahverdiyeva Ayan, Beydullayeva Gövhər, Əhməd Xaqan, Azadəliyev Cahandar, Babazadə Xəzər və Süleymanlı Aydın.

23 avqust tarixinə qədər final mərhələsində iştirak edəcək bütün şahmatçıların siyahısı elan olunduqdan sonra şahmatçılarımızın final mərhələsindəki rəqibləri məlum olacaq.

Qeyd edək ki, dünya kubokunun final mərhələsi avqustun 26-dan 31-dək keçiriləcək.