BAKU Azərbaycan
17.03 °C

Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.

Erol Özvar Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Erol Özvar baş vermiş helikopter qəzası zamanı hərbçilərin həlak olması ilə bağlı dövlət başçısına başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olunub. Erol Özvarın səfərinin bu sahədə əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkəmizdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub.