BAKU Azərbaycan
25.03 °C

Prezident İlham Əliyev mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak edib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.

GAZETTE xəbər verir ki, Prezident İlham Əliyev mərasimdə çıxış edərək bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görüldüyünü qeyd edib:

“Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq. Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək. Bu günə qədər verilən maşınların sayı 7 mini ötüb, daha doğrusu, 7200-dür. Bu gün açılışına toplaşdığımız yaşayış kompleksində bu kateqoriyadan olan mindən çox vətəndaş yaşayacaq. Burada bütün şərait yaradılıb, gözəl yaşayış kompleksidir, əsas yollara da yaxındır. Burada 1500 nəfərlik məktəb, – harada ki, biz indi görüşürük, – uşaq bağçası, işıqlı, yaraşıqlı, rahat mənzillər inşa edilib və bu, bir daha dövlət tərəfindən aparılan siyasəti göstərir”.

Prezident İlham Əliyev eyni zamanda, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verildiyi bildirib:

“Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik”.