BAKU Azərbaycan
14.03 °C

“YAŞAT” düşərgəsinin dördüncü həftəsi başa çatıb – FOTOLAR

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin dördüncü həftəsi başa çatıb.

Gazette.az xəbər verir ki, düşərgənin sonuncu günündə ilkin olaraq psixoloqlarla görüş və əyləncə saatı təşkil olunub.

Sonra “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun iştirakı ilə düşərgənin bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Günün sonunda tanınmış müğənni Zamiq Hüseynovun iştirakı ilə konsert proqramı keçirilib.

Konsert proqramında şəhidimiz Paşa Mehdiyevin qızı Aytac Mehdiyevanın doğum günü qeyd olunub.

Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub.

Düşərgənin dördüncü həftəsi şəhidlərimizin 12-14 yaş kateqoriyasında olan övladlarını əhatə edib.

Həmçinin tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

Qeyd edək ki, 2021-ci ilin 12 iyul tarixindən şəhid övladları üçün başlayan yay düşərgələri avqust ayının sonuna qədər davam edəcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcəkdir.