BAKU Azərbaycan
16.03 °C

Prezident İlham Əliyev “Suraxanı” yarımstansiyasının açılışını edib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib.

Gazette.az xəbər verir ki, 1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparıldı.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev yarımstansiyanın sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulduğu barədə məlumat verdikdən sonra Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

“Suraxanı” yarımstansiyasında digərlərində olduğu kimi müasir avadanlıq quraşdırılıb. Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.

Xüsusi layihə əsasında “Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb. Müasir avadanlığın quraşdırılması nəticəsində yarımstansiyanın istismar xərclərinin azaldılmasına, işçi heyətin təhlükəsiz əmək fəaliyyətinə, avadanlıqların ətraf mühitin zərərli təsirindən qorunmasına və yarımstansiyanın daha səmərəli fəaliyyət göstərməsinə nail olunub.