BAKU Azərbaycan
19.03 °C

Bakı metrosunda yeni qatarlar xəttə buraxılıb – FOTO

Avqustun 3-də Bakı metropolitenində hər biri 5 vaqondan ibarət olan müasir tipli daha 4 yeni qatar tərkibi xəttə buraxılıb.

“Bakı Metropoliteni” QSC-dən Gazette.az-a verilən məlumata görə, bununla 2019-cu ilin oktyabr ayında Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin 3 il ərzində Bakı metropoliteni üçün istehsal etməli olduğu 60 vaqondan 40-ı artıq istismardadır.

May

Sərnişin rahatlığı baxımından vaqonlar kondisioner, yerli şəraitə uyğunlaşdırılmış mikroiqlim nəzarəti sistemlərinə malikdir. Bu sistem havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Ultrabənövşəyi lampalar havadakı zərərli hissəcikləri sürətlə məhv etməyi bacarır. Sərnişinlər elektron qurğularını vaqonlardakı USB portlar vasitəsilə doldura bilərlər.

May

Qapıların əvvəlki vaqonlardakından daha enli olması sərnişinlərin minib-düşmə intensivliyinə də xüsusi təsir edir. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da sərnişinlərin rahatlığını artıran yeniliklərdəndir. Bu il gətirilmiş vaqonların qapı meydançasında da ayaq üstə dayanan sərnişinlərin rahatlığı üçün tavana bərkidilmiş tutacaqlar quraşdırılıb. Eyni qayda ilə çoxfunksiyalı zonalarda da fərdi tutacaqlar da qoyulub.

May

Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər ayrılıb. Məlumdur ki, 2019-cu ildən Bakı metropolitenində əlil arabaları istifadəçiləri, ümumiyyətlə fiziki imkanları məhdud olan sərnişinlər üçün xidmət fəaliyyət göstərir. “Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb.

May

Texniki göstəriciləri ilə öz sələflərindən yetərincə fərqlənən yeni vaqonların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovattdır. Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur. 38 oturacağı olan baş vaqonun sərnişin tutumu 315, 44 oturacaqlı orta vaqonunku isə 329 nəfərdir. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyası, elektrik enerjisinə qənaət edən müasir işıqlanma və orjinal qrafikalı informasiya sistemlərindən ibarətdir.

May

Qeyd edək ki, Bakı metropolitenində müasir standartların tələblərinə uyğun gələn qatarların sayı 19-a, vaqonların sayı isə 95-ə çatıb. Yeni gətirilmiş qatarlar, əsasən, “Həzi Aslanov – Dərnəgül” sahəsi boyunca hərəkət edəcək.