BAKU Azərbaycan
16.03 °C

Gecə klubları qanunu pozduqlarına görə polis rəisləri işdən çıxarıldı

Bakıda gecə klublarında karantin rejiminin pozulması faktı ilə bağlı iki polis rəisi işdən çıxarılıb.

Gazette.az “Lent.az”-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov rayon Polis İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Fərid Vəliyev tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi, polis polkovniki İltimas Yusifli də tutduğu vəzifədən kənarlaşdırılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi bu gün məlumat yayaraq Bakının Nərimanov rayonunda “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunduğu qeyd etmişdi.

Bildirilmişdi ki, polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb. 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. 

“İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər. 

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, bir müddətdir sosial şəbəkələrdə adları qeyd edilən gecə klublarında çəkilən video və foto görüntülər cəmiyyətdə böyük narazılıq yaratmış və həmin gecə klublarına polisin müdaxilə edə bilməməsi ilə bağlı şayiələr yayılmışdı.