BAKU Azərbaycan
18.03 °C

Deputat Eldəniz Səlimovun toxunulmazlıq statusu ləğv edildi

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilib.

Gazette.az xəbər verir ki, növbədənkənar sessiyanın gündəliyinə Baş prokuror Kamran Əliyevin təqdimatı əsasında Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.

Gərgin keçən müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi haqqında qərar qəbul edilib.

Səsvermə zamanı 98 deputat layihənin lehinə səs verib, 1 nəfər bitərəf qalıb, 1 nəfər isə səsvermədə iştirak etməyib.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılmış və Baş prokuror Kamran Əliyev Milli Məclisə deputatın toxunulmazlığının ləğvi haqqında təqdimat vermişdi.

Milli Məclisinin İntizam komissiyası avqustun 2-də keçirilən iclasında Baş prokuror Kamran Əliyevin təqdimatı əsasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edilərək müzakirə olunmaq üçün plenar iclasa tövsiyə edilmişdi.