BAKU Azərbaycan
17.03 °C

Ceyhun Bayramov ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb – FOTO

İyulun 30-da xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Gazette.az-a verilən məlumata görə, görüşdə, həmçinin Xarici İşlər Nazirliyinin rəhbər heyəti iştirak edib.

Görüşdə nazir Ceyhun Bayramov müstəqillik tariximizin ən önəmli dövrünü yaşadığımızı qeyd edərək, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda apardığımız Vətən müharibəsi nəticəsində şanlı zəfərin əldə olunması münasibətilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edib, habelə qüdrətli Ordumuza fəxarətlə istinad edərək, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu önündə baş əydiyimizi vurğulayıb.

Nazir yeni səfir təyinatları münasibətilə həmkarlarını təbrik edib.

Ceyhun Bayramov müasir dövrün çağırışları fonunda, hazırkı post-münaqişə mərhələsində ölkəmizin milli maraqları əsasında dövlət başçısının müəyyən etdiyi xarici siyasət kursu çərçivəsində qarşımızda duran əsas məqsəd və vəzifələr, o cümlədən əldə edilmiş zəfərin möhkəmləndirilməsindən bəhs edib. Nazir, dinamik şəkildə dəyişən mövcud vəziyyətdə Azərbaycan diplomatik nümayəndəliklərinin əsas fəaliyyət istiqamətləri barədə danışıb.

Xarici işlər naziri eyni zamanda, diplomatik nümayəndəliklərin rəhbərlərinə müxtəlif istiqamətlərdə fəaliyyət səmərəliliyinin artırılması üzrə görülmüş işlər barədə məlumat verib, onlara bu xüsusda məsləhət və tapşırıqlarını verib.