BAKU Azərbaycan
16.03 °C

Deputatın polisə qarşı zor tətbiq etməsi ilə bağlı cinayət işi başlanıb

İyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərindəki “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Gazette.az-a bildiriblər ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Xatırladaq ki, DİN Mətbuat xidməti insidentin iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alındığını qeyd etmişdi. Açıqlamada deputatın karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaratması faktı üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərildiyi bildirilmişdi.

Məlumata görə, 55 saylı Xaçmaz şəhər dairəsindən deputat seçilən Eldəniz Səlimov Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

Baş verən hadisə ilə əlaqədar Milli Məclisin növbədənkənar sessiyasının çağırılması üçün imza toplanılmasına başlanılıb.

Növbədənkənar sessiyanın ilk iclasının avqustun 3-də keçirilməsi nəzərdə tutulur.