BAKU Azərbaycan
15.03 °C

Azərbaycan Türkiyəyə 500 nəfərlik canlı qüvvə və helikopterlər göndərəcək – FOTO

İyulun 30-da Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyə Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Gazette.az Nazirlər Kabinetinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı əsnasında Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır. Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcəkdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyi məlumat yayaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri getdiyini və ən qısa zamanda qüvvələrin qardaş Türkiyə yola düşəcəyi bildirilmişdi.