BAKU Azərbaycan
18.03 °C

SON DƏQİQƏ: Prezident Silahlı Qüvvələrlə bağlı FƏRMAN İMZALADI

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik təsdiqlənib.

Gazette Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev qanunu imzalayıb.

Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № I, maddə 23) 9.6-cı maddəsində “Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə)” sözləri “Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə)” sözləri ilə, “tələbat” sözü “təminat” sözü ilə əvəz edilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman da imzalayıb.

Redaktor.az-ın məlumatına görə, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasını və təminat normasını altı ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 50) 1.3-cü bəndi ləğv edilsin."