BAKU Azərbaycan
15.03 °C

Azərbaycanda “Spoofing Caller ID” hücumu başlayıb – Mütəxəssisdən xəbərdarlıq

Azərbaycanda “Man in the middle” və “Spoofing Caller ID” hücumu başlayıb.

GAZETTE xəbər verir ki, bu barədə texno-bloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında məlumat verib və insanları diqqətli olmağa səsləyib

“Bir proqram təminatı vasitəsilə (əslində bir çox) istənilən şəxsə istənilən nömrədən zəng etmək olur. Az əvvəl yoxladım və işləyir. Şəkildə özümə (050) 111-11-11 nömrəsindən zəng etmişəm. Bu məşhur “Spoofing Caller ID” hücum növüdür. İstədiyiniz adamın nömrəsi ilə başqasına zəng edirsiniz. Məsələn, sizə atanızdan zəng gəlir, ekranda “Ata” yazılır, amma danışan başqa adamdır. Yaxud sizə polisdən, bankdan zəng gəlir, yenə də danışan başqası, cinayətkardır”.

Pərdaşünasın sözlərinə görə, sözügedən proqram vasitəsilə insanların şəxsi məlumatları ələ keçirilir:

“Bu metodla insanlar aldadılır və məlumatları ələ keçirilir. İşin pis tərəfi budur ki, bu əlavə ilə səsi də dəyişmək olur. Bu metodla Azərbaycanda hücumlar artıq var. Dövlət qurumları həmin əlavəyə çıxışları bağlayıb. Lakin VPN ilə hücumlar olur. Proqram təminatı qlobal işləyir. Yerli operatorların deyil, telekommunikasiya sektorunda bilinən qlobal problemdir. Vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir. Gələn zəngin kimdən edilməsinə baxmayaraq, şəxsi məlumatlarınızı bölüşməyin. Bu bank hesab nömrəniz, ananızın qızlıq soyadı, sirli kod və digər məlumatlardır. Bundan başqa, görüntülü zənglərə qeyri-əxlaqi intim hərəkətlər edərək cavab verməyin. Ən yaxşısı, ümumiyyətlə, o zənglərə cavab verməyin”.