BAKU Azərbaycan
17.03 °C

Rusiya avroistiqrazlar üzrə 117,2 milyon dollar dəyərində kuponları ödəyib

Rusiya Maliyyə Nazirliyi 14 mart tarixli iki avroistiqraz buraxılışı üzrə 117,2 milyon ABŞ dolları dəyərində kupon gəliri ödəmələri haqqında ödəniş tapşırığını yerinə yetirdiyini açıqlayıb.

Gazette Az “Kommersant”a istinadən xəbər verir ki, ödənişin hansı valyuta ilə edildiyi açıqlanmır. Daha əvvəl ölkənin maliyyə naziri Anton Siluanov Rusiyanın öhdəliklərini ABŞ dolları ilə həyata keçirməyə çalışacağını və bunun üçün kifayət qədər valyutaya malik olduqlarını bildirmişdi. Lakin bunu etmək mümkün olmazsa, ödəniş rubl ilə həyata keçiriləcək. “Fitch” agentliyi bunun defolt mənasına gələcəyi qənaətində idi.

Dövlət borcunun valyuta ilə ödənilməsi problemləri Qərb ölkələrinin Rusiyanın qızıl-valyuta ehtiyatlarını dondurmasından sonra meydana gəlib. Rusiya Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, Rusiyanın bütün valyuta ehtiyatlarının, təxminən, yarısı – 300 milyard ABŞ dolları məhdudiyyətlərə məruz qalıb.

Nazirlik onu da xəbərdarlıq edib ki, Rusiya dost olmayan ölkələrə borcu Rusiya Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq rubl ilə ödəyəcək. “Fitch” agentliyi isə bunu defolt hesab edir.

“Reuters” agentliyinin məlumatına görə, söhbət xarici borc üzrə 1917-ci ildən sonra ilk böyük defoltdan gedir. Həmin vaxt bolşeviklər Çar Rusiyasının borclarını ödəməkdən imtina etmişdilər.

Xatırladaq ki, martın 16-da Maliyyə Nazirliyi öhdəliklərini valyuta ilə ödəyəcəyini vəd etmişdi. Nazirlik avroistiqrazlar üzrə kuponların ödənilməsini “Citibank”a tapşırmışdı. Ödəniş ABŞ Maliyyə Nazirliyinin lisenziyaları çərçivəsində Rusiya aktivlərinin blokdan çıxarılacağı təqdirdə həyata keçiriləcəkdi. Bu lisenziya investorlara Rusiyanın suveren avroistiqrazları üzrə borc ödəmələrini azı mayın 25-dək almağa icazə verir.