BAKU Azərbaycan
16.03 °C

Prezident İlham Əliyev “Azmonbat” MMC-nin açılışını edib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

GAZETTE xəbr verir ki, səfər çərçivəsində İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışını edib.

Parkda fəaliyyətə başlayan 17-ci rezident olan “Azmonbat” MMC-də istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilir. 100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək.

Müəssisə ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir ki, ondan da 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür. İstehsal prosesi ətraf mühitə zərər vurmadan, ekoloji standartlara tam cavab verir. İstifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasının təşkili həm də xüsusi əhəmiyyətli ekoloji layihədir.

“Azmonbat” MMC sənaye parkında tətbiq edilən vergi və gömrük güzəştlərindən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat məbləğində qənaət edib.