BAKU Azərbaycan
16.03 °C

Azərbaycanın paralimpiya çempionu: "Yarışa buraxılmadığıma görə narazı deyiləm"

"Heç bir narazılığım yoxdur, çünki yarışa buraxılmayan tək mən deyiləm".

Bunu açıqlamasında Türkiyənin Antalya şəhərində keçirilən gözdən əlillərin Qran-prisinə (“2022 IBSA Judo Grand Prix”) buraxılmayan Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova deyib.

70 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı gözündə makro distrofiya olduğunu bildirib: "Bu paralimpiya yarışlarında birbaşa iştirak hüququ verən və çox ciddi xəstəlikdir. Bütün sənədlərim qaydasında idi, sadəcə, məndən fizioloji test istədilər. Bu isə sənədlərimin içərisində yox idi. Hər şeyin qaydasında olduğunu, yalnız testin mütləq gərəkliyini bildirdilər. Bu səbəbdən məni növbəti tibbi təsnifata göndərdilər".

Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi finalda məğlub etdiyi qazaxıstanlı Zarina Baybatinanın da Antalyadakı turnirdən əvvəl yoxlanışdan keçə bilmədiyini söyləyib: "Xəstəliyim iştiraka imkan verir, sadəcə sənədlərdən biri çatmır. Yeni qaydalar belədir. Fizioloji testdən keçəndən sonra onu da sənədlərin içinə əlavə edəcəyəm və növbəti yarışlara qatılacağam. İdmanda belə hallar olur".

Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov göz təsnifatında idmançıların yanında olduğunu bildirib: "Digər paracüdoçulardan fərqli olaraq təmsilçimiz Zakir Mislimov heç görmür. Yarışda 170 idmançı iştirak etməli idi. Amma onlardan 85-i tamamilə çıxacaq. Digərləri bizim idmançılar kimi yeni təsnifata göndərilib. Tokio paralimpiadasından sonra yeni qaydalar tətbiq edilib. Yeni qaydalara görə əlavə sənədlər lazımdır. Paracüdoçular növbəti yarışlarda tələb olunan testləri təqdim etdikdən sonra mübarizə apara biləcək. Biz sadəcə, Zakir Mislimova qarşı olanları böyük haqsızlıq hesab edirik. Çünki o, işıq belə görmür".

Qeyd edək ki, Azərbaycanın 9 təmsilçisi tibbi təsnifatların nəticəsinə əsasən yarışa buraxılmayıb.