
Üç boksçumuz yarımfinala vəsiqə əldə ediblər – Dünya çempionatı
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib.
Yarımfinala gedən yolda Azərbaycan millisinin 4 üzvü qüvvəsini sınayıb.
86 kq-da çıxış edən boksçumuz Alfonso Dominqes 1/4 finalda rusiyalı Şarabutdin Atayevlə üz-üzə gəlib. Gərgin keçən görüş Olimpiya mükafatçımızın qələbəsi ilə yekunlaşıb və o, rəqibini 4:1 (29:28, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməyi bacarıb. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Alfonso növbəti qarşılaşmasında kubalı Ruis Kordoba ilə üz-üzə gələcək.
+92 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev 1/4 finalda hindistanlı Narenderlə qarşılaşıb və 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində özü üçün ən azı bürünc medalı təmin edən Abdullayev yarımfinalda Davit Çaloyanla (Ermənistan) qarşılaşacaq.
71 kq çəki dərəcəsində rinqə çıxan Sərxan Əliyev 1/4 finalda ABŞ boksçusu Obed Barti ilə döyüşüb və rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. Özü üçün dünya çempionatının ən azı bürünc medalı təmin edən S.Əliyev finala vəsiqə əldə etmək üçün ukraynalı Yuri Zaxariyevi mübarizədən kənarlaşdırmalıdır.
Dünya çempionatında 1/4 final mərhələsinə kimi irəliləməyi bacaran daha bir bokçumuz Məsud Yusifzadə (51 kq) bu mərhələdə tailandlı Tanarat Saengfetə məğlub olaraq mundialı 5-ci pillədə bitirib.
Qeyd edək ki, dünya çempionatında yarımfinal qarşılaşmaları noyabrın 4-də baş tutacaq.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





