BAKU Azərbaycan
16.03 °C

“US Open”də Leyla Fernandez “fırtınası” davam edir

Böyük Dəbilqə seriyalı “US Open” tennis turnirdə qadınların yarışında 1/4 final mərhələsinin oyunlarına start verilib.

GAZETTE xəbər verir, mərhələnin ilk görüşü kanadalı Leyla Fernandezlə Ukrayna təmsilçisi Elina Svitolina arasında keçirilib.

Turnirdə artıq öz adından söz etdirməyi bacaran 19 yaşı yenicə tamam olmuş Leyla qadın tennisçilərin reytinq siyahısında ilk beşlikdə qərarlaşmış daha bir raketka ustasını mübarizədən kənarlaşdırmağı bacarıb.

İlk setdə Svitolina üzərində 6-3 hesabı ilə qələbə qazanan Fernandez ikinci setdə rəqibinə eyni hesabla məğlub olub. Üçüncü, həlledici setdə Elina məğlub olduğu görüşdə “geri dönüş” edərək matçı tay-breykə aparmağı bacarsa da 2 saat 27 dəqiqə davam edən matçın sonunda sevinə tərəf gənc kanadalı olub, 2-1.

Leyla Fernandez yarımfinala vəsiqə qazanmaqla 2005-ci ildə rusiyalı Mariya Şarapovanın bu mərhələyə yüksələn ən gənc qadın tennisçi ünvanına da şərik olmuş.

1/4 final mərhələsinin digər qarşılaşmasında WTA reytinq cədvəlində 2-ci pillədə qərarlaşan Arina Sabalenka (Belarus) ilə “Roland Garros” turnirin son qalibi Barbora Kreycikova (Çexiya) üz-üzə gəlib. 1 saat 28 dəqiqə davam edən qarşılaşmada rəqibinə 2 setdə (6-1; 6-4) qalib gələn Arina “Wimbledon”dan sonra ardıcıl 2-ci dəfə Böyük Dəbilqə turnirlərində yarımfinal mərhələsinə yüksəlməyi bacarıb.

Leyla Fernandezlə Arina Sabalenka arasında keçiriləcək yarımfinal matçı sentyabrın 10-u gecə saat 03:00-da baş tutacaq.

Image

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşmasında daha bir yeniyetmə tennisçi Emma Raducanu (B.Britaniya) ilə Belinda Bençiç (İsveçrə) qarşı-qarşı gələcəklər. Sonuncu yarımfinalçının kimliyinə isə Karolina Pliskova (Çexiya) – Maria Sakkari (Yunanıstan) arasında keçiriləcək görüşdən sonra aydınlıq gələcək.

1/4 final.

08.09.21.

20:00. E.Radukanu – B.Bençiç

09.09.21.

03:00. Ka.Pliskova – M.Sakkari

Image