BAKU Azərbaycan
13.03 °C

Hindistanda etiraz aksiyalarında 2 nəfər ölüb

Hindistanın hakim partiyası – “Bharatiya Canata Parti”nin rəsmi nümayəndəsi Nipur Şarmanın Məhəmməd Peyğəmbərin ünvanına səsləndirdiyi qalmaqallı fikirlərə qarşı Rançi şəhərində (Carkxand ştatı) keçirilən etiraz aksiyalarında ötən sutka ərzində azı 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Gazette.az TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Ştatın bir sıra bölgələrində komendant saatı tətbiq edilib.

Xatırladaq ki, Hindistanda iğtişaşlar ötən gün cümə namazından sonra başlayıb. Etirazçılar N.Şarmanın həbsini tələb edirlər.

N.Şarmanın milli televiziyada keçirilən debatlarda Məhəmməd Peyğəmbər haqqında səsləndirdiyi fikirlər müsəlmanlar tərəfindən təhqir kimi qəbul olunub. O, artıq vəzifəsindən və partiyadan uzaqlaşdırılıb.

Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna da bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.