BAKU Azərbaycan
13.03 °C

Bu ölkədə ay ərzində doğulan uşaqların sayında yeni antirekord qeydə alınıb

2022-ci ilin fevral ayında Cənubi Koreyada 20 min 654 uşaq dünyaya gəlib ki, bu da həmin sahədə statistikanın aparıldığı 1981-ci ildən bəri analoji dövr üçün qeydə alınan ən aşağı göstəricidir.

Gazette az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Koreya Respublikası Milli Statistika İdarəsinin məlumatında deyilir.

Məlumata görə, 2022-ci ilin fevral ayında doğulan körpələrin ümumi sayı ötən ilin analoji dövrü ilə müqayisədə 3,2 faiz az olub. Eyni zamanda, fevral ayında ölkədə koronavirusun "omikron" ştamının yayılması fonunda 29 min 189 ölüm faktı qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 22,7 faiz çoxdur. Bu il ölüm hallarında artım statistikanın aparıldığı 1983-cü ildən bəri ən yüksək göstəriciyə çatıb.

Fevral ayında ölkədə əhalinin təbii azalması 8 min 535 nəfər təşkil edib. Əhali sayının dinamikasında müşahidə olunan mənfi tendensiya ardıcıl olaraq 28 aydır davam edir. Mühacirlər də daxil olmaqla, Cənubi Koreya əhalisinin sayı ilk dəfə 2021-ci ildə azalmağa başlayıb. Bu, doğum səviyyəsinin aşağı düşməsi, əhalinin qocalması və koronavirus pandemiyası ilə izah edilir. Statistika idarəsinin hesablamalarına görə, 2021-ci ildə Koreya Respublikasında təxminən 51,7 milyon insan yaşayıb.