BAKU Azərbaycan
19.03 °C

“Apple” şirkəti “iPhone 13” smartfonlarını təqdim edib – FOTO

Sentyabrın 14-də “Apple” şirkəti payız təqdimatı çərçivəsində yeni “iPhone 13” smartfonlarını təqdim edib.

Canlı yayımlanan təqdimat mərasimində “iPhone 13”, “iPhone 13 mini”, “iPhone 13 Pro” və “iPhone 13 Pro Max” modelləri təqdim edilib.

“iPhone 13” və “iPhone 13 mini” modelləri xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Əsas texniki özəlliklər baxımından da eyni olan smartfonlar sadəcə ekran ölçülərinə görə fərqlənirlər. Bu iki, “iPhone 13” və “iPhone 13 mini” modellərini keçən ilki “iPhone 12” və “iPhone 12 mini” modellərindən fərqləndirən əsas dizayn dəyişikliyi ondan ibarətdir ki, yeni modellərin arxa kameraları daha fərqli şəkildə yerləşdirilib. Belə ki, bu yeni modellərin arxa kameraları diaqonal şəkildə yerləşiblər. Eyni zamanda qeyd edək ki, “iPhone 13” və “iPhone 13 mini” modellərinin gövdələri metal və şüşədən hazırlanıb.

“iPhone 13 Pro” və “Pro Max” modelləri də xarici görünüşcə bir-birilərinə bənzyirlər. “iPhone 13 Pro” modeli 6.1 düym “Super Retina XDR OLED” ekran, “iPhone 13 Pro Max” modeli isə 6.7 düym “Super Retina XDR OLED” ekran ilə təchiz olunub. Adi “iPhone 13” modellərində olduğu kimi Pro modellərin də ekranları üzərlərindəki çıxıntı hissənin ölçüsü kiçikdir. Smartfonlar 5G dəstəkli A15 Bionic prosessoru, 128/256/512 GB və 1 TB daxili yaddaş həcmi ilə təchiz olunublar. Kameralara gəldikdə isə hər iki smartfonda kameraların göstəriciləri eynidir. Belə ki, smartfonlar 12 MP (f/1.5 diafraqma) + 12 MP (f/1.8 diafraqma, 120 dərəcə bucaq təsviri) + 12 MP (3 qat zoom-a sahib teleobyektiv) üçlü arxa kamera və 12 MP-lik (f/2.2 diafraqma) ön kamera ilə təchiz olunublar.

Hər 4 yeni smartfon modeli də sentyabr ayının sonunda satışa çıxarılacaq. Yeni “iPhone 13 mini”nin qiyməti ABŞ-da 699 dollardan, “iPhone 13″ün qiyməti 799 dollardan, “iPhone 13 Pro”nun qiyməti 999 dollardan, “iPhone 13 Pro Max”ın qiyməti isə 1099 dollardan başlayacaq.