BAKU Azərbaycan
14.03 °C

“Akıncı” TİHA Türkiyə ordusunda silahlanmaya qəbul edildi – FOTO

Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli imkanlarla hazırlanan “AKINCI TİHA”nın (Hücum Pilotsuz Uçuş Aparatları) Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilməsi mərasimi keçirilib.

GAZETTE xəbər verir ki, Türkiyənin Təkirdağ vilayətində təşkil edilən mərasimdə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı bir sıra dövlət və hökümət rəsmiləri iştirak edib.

Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. “Akıncı” PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance – Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir. Bununla Türkiyə dünyada HALE sinfindən olan PUA istehsal edən 4-cü ölkəyə çevrilib.

Bayraktar

Daha üstün texniki xüsusiyyətlərə malik “Akıncı”da süni zəkaya əsaslanan texnologiya tətbiq edilir. Onun köməyi ilə aparat avtomatik qalxma və enməni reallaşdırır, uçuş zamanı ətrafında baş verənləri təhlil edir və qiymətləndirir, obyekt, ağac, insan, maşın və s. tanınmasını həyata keçirir.

“Akıncı” PUA-sı ilk uçuşunu 2019-cu ilin dekabr ayının 6-da həyata keçirib. İlk uçuş zamanı PUA 16 dəqiqə havada qalıb. Prototipin ikinci uçuşu isə 2020-ci ilin yanvar ayının 10-da baş tutub, həmin uçuş zamanı PUA 1 saatdan artıq havada qalmışdı. “Akıncı”nın ikinci prototipinin ilk uçuşu 2020-ci ilin avqustun 13-də həyata keçirilib. Sınaq uçuşları zamanı “Akıncı” TİHA səmada 11 min 594 metr yüksəkliyə qalxmaqla yanaşı 25 saat 46 dəqiqə havada qalmağı bacarıb.

“Akıncı”nın ən mühüm özəlliklərindən biri də onun yerüstü stansiyadan asılı olmadan bütünlüklə avtonom rejimdə uçması, hədəfi müəyyən edib izləməsi və təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurması və geri qayıdaraq yenə də avtonom rejimdə eniş etməsidir.

Bu imkanın sayəsində “Akıncı” kifayət qədər böyük dağıdıcı gücə malik olan, yenə də tamamilə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb. Akıncı 40 min fut yüksəkliyə qalxır və daxildə 400 kiloqram, xarici asqılarında isə 950 kiloqram olmaqla cəmi 1350 kiloqram faydalı yük daşıya bilir. PUA-nın qanadının uzunluğu 20 metrdir.