Xəzərin səviyyəsi enir: Hansı risklər yaranır?

 

Xəzər dənizi əsrlər boyu Azərbaycan üçün təkcə coğrafi sərvət deyil, həm də iqtisadi inkişafın əsas sütunlarından biri olub. Neft sənayesinin formalaşması, balıqçılığın inkişafı, beynəlxalq ticarət marşrutlarının yaranması və liman infrastrukturunun qurulması məhz Xəzərlə sıx bağlıdır. Lakin son illərdə dənizin səviyyəsinin sürətlə enməsi region ölkələri üçün yeni iqtisadi və ekoloji çağırışlar formalaşdırır. Bu proses artıq yalnız alimlərin müzakirə etdiyi ekoloji məsələ deyil, həm də logistika, enerji təhlükəsizliyi və ərzaq təminatı baxımından strateji problemə çevrilmişdir. 

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına görə, son 30 ildə Xəzərin səviyyəsi təxminən 2,5 metr aşağı düşüb. Son beş ildə isə enmə təxminən 1 metrə yaxın olub və hazırkı temp illik 20-30 santimetr arasında qiymətləndirilir. Əsas səbəblər kimi qlobal istiləşmə, yağıntıların azalması, buxarlanmanın artması və Xəzərə daxil olan əsas su mənbəyi olan Volqa çayı hövzəsində aparılan hidrotexniki fəaliyyət göstərilir.

Hesablamarala görə, əsrin sonuna qədər Xəzərin səviyyəsi iqlim dəyişikliklərinin tempindən asılı olaraq 5-21 metr arasında enə bilər. Hətta 5-10 metrlik azalma belə yüz milyardlarla dollarlıq infrastrukturun funksionallığını sual altına sala bilər.

Bakı limanı və Orta Dəhliz üçün yeni problemlər

Son illərdə Azərbaycanın ən böyük strateji layihələrindən biri Orta Dəhlizin inkişafıdır. Bu marşrutun əsas qovşaqlarından biri isə Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.

Lakin Xəzərdə suyun çəkilməsi artıq liman fəaliyyətinə birbaşa təsir göstərməyə başlayıb. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) bildirilib ki, dərinliyin azalması nəticəsində Bakı-Kurık və Bakı-Türkmənbaşı marşrutlarında Ro-Pax tipli gəmilər tam yüklə hərəkət edə bilmirlər. Nəticədə Bakı-Kurık xəttində dəmir yolu sisternlərinin daşınması 22 faiz, vaqon daşımaları isə 10 faiz azalıb. Türkmənbaşı istiqamətində isə azalma müvafiq olaraq 37 və 19 faiz təşkil edib.

Bu tendensiya Azərbaycanın tranzit ölkə kimi rəqabət üstünlüklərinə də təsir göstərə bilər. Orta Dəhliz vasitəsilə yükdaşımaların həcminin artırılması planlaşdırıldığı bir dövrdə limanların və gəmi kanallarının mütəmadi dərinləşdirilməsi əlavə maliyyə yükü yaradır.

Ekspertlərin hesablamalarına görə, yalnız liman infrastrukturunun qorunması məqsədilə yaxın onilliklərdə milyonlarla manat əlavə investisiyaya ehtiyac yarana bilər. 

Balıqçılıq sənayesi təhlükə altındadır

Xəzərin səviyyəsinin enməsi ən ciddi zərbəni balıqçılıq sektoruna vurur. Azərbaycan tarixən nərə balığı və qara kürü istehsalında dünya liderlərindən biri olub. Lakin son onilliklərdə həm antropogen təsirlər, həm də iqlim dəyişiklikləri nəticəsində vəziyyət əhəmiyyətli dərəcədə dəyişib.

BMT və beynəlxalq tədqiqatlar göstərir ki, dəniz səviyyəsinin azalması nərə balıqlarının ənənəvi kürütökmə marşrutlarını məhdudlaşdırır və bəzi növlərin yaşayış mühitinin 40 faizdən çoxunu təhlükə altına salır. Xəzər suitilərinin isə əlavə 5 metrlik enmə halında yaşayış arealının böyük hissəsini itirəcəyi proqnozlaşdırılır.

Azərbaycanda balıqçılıq və akvakultura sektorunun ümumi istehsalı son illərdə artsa da, ənənəvi dəniz balıqçılığı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib. Bu vəziyyət gələcəkdə ərzaq təhlükəsizliyi və ixrac potensialı üçün də risk yarada bilər.

Sahil bataqlıqlarının və dayaz ərazilərin quruması isə minlərlə quş növünün miqrasiya marşrutlarına mənfi təsir göstərir ki, bu da ekoturizm sektoruna dolayısı ilə mənfi təsir göstərə bilər. 

Enerji sektoru əlavə xərclərlə üzləşir

Azərbaycan iqtisadiyyatının əsas dayağı olan neft-qaz sənayesi də Xəzərdəki dəyişikliklərdən kənarda qalmır. Hazırda ölkənin neft və qaz hasilatının böyük hissəsi məhz dəniz yataqlarında həyata keçirilir.

Suyun səviyyəsinin azalması platformalara xidmət göstərən gəmilərin hərəkətini çətinləşdirir, bəzi marşrutların yenidən layihələndirilməsini tələb edir və logistika xərclərini artırır. 

Digər tərəfdən, Azərbaycanın Avropaya qaz ixracını artırmaq planları fonunda Xəzər dənizində nəqliyyat və enerji infrastrukturunun dayanıqlılığı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, Xəzərdə baş verən ekoloji dəyişikliklər artıq enerji təhlükəsizliyi məsələsinin ayrılmaz hissəsinə çevrilir.

İqtisadi nəticələr daha geniş ola bilər

Alimlər xəbərdarlıq edirlər ki, suyun çəkilməsi nəticəsində yaranacaq yeni quru sahələrində duz və sənaye tullantılarının toz şəklində yayılması insan sağlamlığı üçün əlavə təhlükələr yarada bilər. Aral dənizi faciəsi bu baxımdan ciddi nümunə hesab olunur.

Çıxış yolu nədir?

Mütəxəssislər hesab edirlər ki, problemin həlli yalnız bir ölkənin imkanları daxilində mümkün deyil. Xəzər hövzəsinə daxil olan beş dövlət arasında koordinasiya, ortaq monitorinq sistemləri və iqlim dəyişikliklərinə uyğunlaşma proqramları hazırlanmalıdır.

Azərbaycan artıq Rusiya ilə Volqa hövzəsində su axınlarının monitorinqi üzrə birgə işçi qrupları yaradıb. Paralel olaraq limanların dərinləşdirilməsi, yeni gəmiçilik texnologiyalarının tətbiqi və akvakultura layihələrinin genişləndirilməsi istiqamətində addımlar atılır.

Lakin uzunmüddətli perspektivdə əsas məsələ iqlim dəyişikliklərinin təsirlərinə adaptasiya olunmaqdır.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR