
Azərbaycan xalqının müstəqilliyinə zəmin yaradan gün!
Ümumxalq Hüzn Günü kimi qeyd etdiyimiz 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.
Bu tarix ümumxalq faciəsi olmaqla yanaşı, həm də müstəqillik, istiqlal və hürriyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycanın çoxəsrlik tarixinə həkk olunub. Zaman göstərdi ki, bu hadisə Azərbaycan xalqının müstəqillik ideyalarının ümummilli amala çevrilməsinə zəmin yaratdı. Qanlı Yanvar hadisələri eyni zamanda Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərərək, dövlət müstəqilliyinin bərpa edilməsi prosesində dönüş nöqtəsi oldu. Sovet ittifaqın iqtisadi cəhətdən çökməsi, bu istiqamətdə o vaxtkı cinayətkar rəhbərliyin heç bir əməli addım atmaması xalqların sosial vəziyyətinin ağırlaşmasına gətirib çıxarmışdı. Bununla yanaşı ittifaqda baş verən neqativ hallar xalqların haqlı narazılığını artırırdı. Digər tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağda separatizm meyillərinin qızışdırılması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirdi. Sadalanan amillər fonunda baş verən hadisələr Azərbaycan xalqının müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaradırdı. Beləliklə, bir tərəfdən Azərbaycan xalqının milli azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İitifaqının rəhbərliyinə Azərbaycan xalqına qarşı sərt addımların atılmasına bəhanə verdi.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən Sovet qoşun hissələri əliyalın küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli odlu silahlardan atəşə tutdu. Həmin gecə Bakıda sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi, 700-dən artıq vətəndaşımız yaralandı, xəsarət aldı. Ümumilikdə faciə nəticəsində 147 nəfər şəhidlik zirvəsinə yüksəldi. Qeyd edək ki, 700-dən çox yaralının 25-i qadın, 20-si isə uşaq olmuşdur. 20 Yanvar hadisələri ilə əlaqədar həmin günlərdə Ümummilli lider Heydər Əliyev özünü və ailəsinin həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, Kommunist Partiyası rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləmiş, xalqımıza qarşı törədilən bu cinayətləri, günahsız insanların öldürülməsinə etirazını bildirmiş, təqsirkarların cəzalandırılmasını tələb etmişdir. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə” - deyən Ulu Öndər yüksək siyasi iradə nümayiş etdirərək hər zaman olduğu kimi xalqının yanında olduğunu sübut etdi. 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Həmçinin Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərman ilə 1990-cı il 20 yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. Bu siyasət Ümummilli Liderin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Cənab Prezidentin Şəhid ailələrinə, qazilərə göstərdiyi yüksək diqqət və qayğı, onların sosial məsələlərinin daim diqqət mərkəzində saxlanılması dövlətin əsas prioritet məsələlərindəndir.
Ölkə başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılmışdır. Şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədi ilə təqaüdlərin verilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı 1990-cı ilin yanvarında dövlətimizin müstəqilliyi, ölkənin istiqlalı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, müqəddəs amallar uğrunda canlarından keçmiş mübariz oğul və qızların şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Gülağa İmanov;
Neftçala rayon ağsaqqalı, Şəhid atası
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





