
Baş Prokurorluğun nümayəndəsi beynəlxalq antikorrupsiya proqramında iştirak edib
Cari ilin 13–22 oktyabr tarixlərində Honqkonq, Çin Xalq Respublikasının Xüsusi İnzibati Ərazi vahidində Korrupsiyaya Qarşı Müstəqil Komissiyanın (ICAC) nəzdində fəaliyyət göstərən Honqkonq Korrupsiyaya Qarşı Beynəlxalq Akademiyası (HKIAAC) və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC)-nin Korrupsiyaya qarşı Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsi (GlobE Network) tərəfindən birgə təşkil edilmiş “Dürüstlüyün gücləndirilməsi: Korrupsiyaya qarşı mübarizədə süni intellekt və texnologiyaların mənimsənilməsi” adlı Peşəkar İnkişaf Proqramı keçirilib.
Tədbirin məqsədi korrupsiyaya qarşı mübarizə sahəsində çalışan hüquq-mühafizə orqanı əməkdaşlarının bilik və bacarıqlarının artırılması, süni intellekt və müasir texnologiyalardan effektiv istifadə imkanlarının öyrənilməsi, həmçinin beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi olub.
Proqramda Azərbaycan, Bəhreyn, Benin, Botsvana, Çin (o cümlədən Honqkonq və Makao), Hindistan, Qazaxıstan, Koreya Respublikası, Madaqaskar, Malayziya, Mavritius, Monqolustan, Monteneqro, Nigeriya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Tailand və Zambiya kimi ölkələri təmsil edən təxminən 36 antikorrupsiya orqanı əməkdaşı iştirak edib.
Azərbaycan Respublikasını bu nüfuzlu beynəlxalq proqramda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin rəisi Rail Bayramlı təmsil edib.
İştirakçılar dürüstlük idarəçiliyi, korrupsiya araşdırmaları və innovativ texnologiyalardan istifadə sahəsində qabaqcıl təcrübə ilə tanış olaraq, süni intellektin antikorrupsiya fəaliyyətində tətbiqi, etik idarəetmə və rəqəmsal təhlükəsizlik mövzularında müzakirələr aparıblar.
10 gün davam edən proqram çərçivəsində iştirakçılar üçün mühazirələr, praktiki təlimlər və sahə ziyarətləri təşkil edilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





