
F1 üzrə ABŞ Qran-prisinin qalibi Maks Verstappen olub
Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi olan ABŞ Qran-prisini Maks Verstappen qazanıb.
“Red Bull” komandasının niderlandlı pilotu yarışa poul vəziyyətindən başlasa da starda əsas rəqibi Lyuis Həmiltonun gerisinə düşüb. Lakin komandasının uğurlu pit-stop strategiyası sayəsində M.Verstappen yenidən liderliyi ələ alıb və damalı bayrağı ilk görən pilot olub.
ABŞ-ın Ostin trasında keçirilən yarışı 2-ci pillədə “Mercedes” komandasının pilotu Lyuis Həmilton, 3-cü sırada isə “Red Bull”un digər sürücüsü Serxio Perez bitirib.
Qran-pridə ən sürətli dövrəni Lyuis Həmilton vuraraq aktivinə əlavə olaraq 1 xal yazdıra bilsə də, F1 azarkeşlərinin səsverməsinə əsasən yarışın ən yaxşı pilotu Maks Verstappen seçilib.
Qələbə sayəsində xallarının sayını 287,5-ə çatdıran Verstappen Həmiltonla aralarında olan xal fərqini 12-ə çatdırıb. Hazırda Həmiltonun aktivində 275,5, turnir cədvəlində 3-cü pillədə qərarlaşan Valtteri Bottasın (“Mercedes”) isə 185 xal var.
Komandaların yarışına 460,5 xalla “Mercedes” başçılıq edir. ABŞ-da 200-cü podiumlarını qazanan və ikinci pillədə qərarlaşan “Red Bull” 437,5, üçüncü sırada yer alan “McLaren” isə 254 xala malikdir.
Qeyd edək ki, Formula 1 üzrə növbəti Qran-pri yarışı Meksikada keçiriləcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay













