BAKU Azərbaycan
4.03 °C

Aynur Sofiyeva: "Uşaqların zorla himayəyə verilməsi hallarına rast gəlinir"

"Bu ilin ilk beş ayında Dövlət Komitəsinə uşaq tələbi ilə bağlı 110 müraciət daxil olub".

Gazette.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda tədbirdə deyib.

O bildirib ki, uşaqla ünsiyyətlə bağlı 54, uşaqların digər qohumlarının himayəsinə verilməsi ilə bağlı 11 müraciət daxil olub: "Bəzi hallarda uşağın zorla qarşı tərəflə görüşdürülməsi və himayəyə verilməsi hallarınada rast gəlinib".

A.Sofiyeva qeyd edib ki, sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətinin düzgün qiymətləndirilməməsi halları aşkarlanıb: "Biz müraciətlər zamanı yerli icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyaları tərəfindən verilən rəylərdə bəzən uşaqların mənafeyi məsələsinə qeyri-obyektiv tərzdə yanaşılma müşahidə etmişik. Ona görə də mediatorlar tərəfindən məsələyə qərəzsiz şəkildə yanaşılması üçün komissiyanın rəyi mütləq istinad sənədi kimi qəbul olunmamalıdır. Mediatorlar tərəfindən komissiya rəyi verilməsi üçün edildiyi halda konkret suallar qoyulmalı və onun cavablandırılması tələb olunmalıdır. Uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı nəzərə alınaraq qeyri-hökümət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş aparılmalıdır".