
YAP ötən 33 il ərzində böyük və şərəfli yol keçib - RƏY
21 noyabr 1992-ci il Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən olan Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündür. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ötən 33 il ərzində şərəfli yol keçmişdir. YAP bir qərinə ərzində bütün çətinliklərə qətiyyətlə sinə gərərək, sözün həqiqi mənasında xalqımızın əsl birlik simvoluna çevrilmişdir.
Zaman sübut etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə olmaqla yanaşı, həm də tarixi zərurətdən doğmuşdu. Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Bir yandan mənfur qonşularımızın işğalçılıq siyasəti, bir yandan da daxildə gedən proseslər, siyasi hərc-mərclik Azərbaycanı fakt qarşısında qoymuşdu.
O vaxt ölkədə cərəyan edən hadisələrin məntiqi yekunu və mövcud ictimai-siyasi şəraitin konkret nəticəsi Yeni Azərbaycan Partiyasının yaranmasını labüd etdi. Bütün bu təhdidlərin və faciələrin qarşısını Ulu Öndər Heydər Əliyev öz həyatını təhlükəyə ataraq aldı. Ölkənin belə bir ağır dövründə xalqını gələcəyini düşünən bir qrup ziyalı və ictimai xadimin ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görməsi və məhz buna görə də, Ulu Öndərə müraciət ünvanlanması tarixi təşəbbüsün reallaşması ilə nəticələndi.
Qısa müddətdə Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə Yeni Azərbaycan Partiyasının formalaşması istiqamətində ciddi addımlar atıldı. Həmin dövrdən başlayaraq YAP sürətli inkişaf mərhələsinə daxil oldu, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadı. 1993-cü ildə isə Ümümmilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə ölkəmizin tarixində yeni səhifənin başlanğıcı qoyuldu. Təbii ki, əgər o zaman Ulu Öndər hakimiyyətə gəlməsəydi, ölkədə baş verən mənfi təzahürlərin qarşısı qətiyyətlə alınmasaydı, bu günkü Azərbaycanın mövcudluğu şübhə altında olardı.
Çünki xarici havadarlarından böyük dəstək alan ermənilərin əsas məqsədi və hədəfi bütövlükdə Azərbaycanı işğal etmək idi. Onun hakimiyyətə gəlməsi və həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Ermənistanın bu məkirli və çirkin planının qarşısı alındı. Ulu Öndər uzaqgörən və müdrik addımlar ataraq Ermənistanla atəşkəs sazişinin imzalanmasına nail oldu. Bu eyni zamanda ölkənin güc və qüdrətinin toparlanması və eləcə də, ordu quruculuğu prosesinin gücləndirilməsi, inkişafa nail olmaq üçün yeni imkanlar yaratdı. Həmin dövrdən başlayaraq Azərbaycan mərhələli şəkildə düşdüyü ağır durumdan çıxmağa başladı. İqtisadi inkişaf, ictimai-siyasi sabitlik təmin olundu. Sonrakı dövrdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu siyasəti böyük uzaqgörənlik və müdrikliklə davam etdirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu proseslər uğurla sona çatdırıldı.
Ali Baş Komandanın qətiyyətli siyasəti, şanlı ordumuzun rəşadəti Ulu Öndərin ən böyük arzusu olan Qarabağın azad olunması ilə nəticələndi. 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovan qəhrəman övladlarımız tarixi ədalətin bərqərar olunması ilə yanaşı xalqımızın qürurunu bərpa etdilər. Vətən müharibəsində qələbədə Yeni Azərbaycan Partiyasının xüsusi payı var. Partiya mənsubları bütün platformalarda Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliyinin ifşası istiqamətində böyük fəallıq nümayiş etdirir, informasiya müharibəsinin ön cərgəsində liderliklərini qoruyurlar. Uğurlu fəaliyyət, faydalı əməkdaşlıq partiyanın Qafqazın ən böyük, ən mütəşəkkil siyasi təşkilata çevrilməsinə səbəb olub.
Araz Əhmədov;
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





