Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Gazette Az xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

-Sizi görməyə şadam. Azərbaycana gəldiyiniz üçün təşəkkür edirəm. Bu, bizim gündəliyimizdə duran mühüm məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Əlbəttə ki, ATƏT-in sədri olaraq sizinlə regionda postmünaqişə vəziyyətindən danışacağıq. Eyni zamanda, Polşa və Azərbaycan arasında ikitərəfli gündəlik də çox genişdir. Bilirsiniz ki, bu yaxınlarda Prezident Andjey Duda ilə bizim telefon söhbətimiz də olub. Mənim Prezidentlə Varşavada, Bakıda, Davosda görüşlərimlə bağlı çox yaxşı xatirələrim var. Bilirsiniz ki, biz müntəzəm olaraq bir-birimizlə təmasdayıq və ölkələrimiz arasındakı münasibətlər bizim güclü tərəfdaşlığımızı yaxşı nümayiş etdirir.

Həmçinin Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərində bizi daim dəstəklədiyinə görə Polşaya minnətdarıq. Bu proses indi sürətlə gedir və artıq Avropa İttifaqı tərəfindən elan edilmişdir ki, Prezident Şarl Mişelin təşkilatçılığı ilə Ermənistanın baş nazirinin mənimlə yeni görüşü olacaqdır. Ümid edirəm ki, bu görüş məhsuldar olacaq. Çünki artıq bir neçə görüş olub və biz Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq. Azərbaycan bizim baxışımıza uyğun olaraq bu razılaşmanın əsas prinsiplərini təqdim edib.

Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək.

Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Necə deyərlər, biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir. Qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası - hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir. Biz bunu istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli olacaq. Əlbəttə ki, bütün bu məsələləri çox ehtiyatla və vaxtında həll etmək lazımdır. Çox şadam ki, bu və digər mühüm məsələləri sizinlə müzakirə etmək imkanımız var.

Prezident İlham Əliyev 30 illik işğal dövründə ermənilərin torpaqlarımızda vəhşikliklər törətdiklərini, tarixi, dini, mədəni abidələri və digər tikilələri dağıtdıqlarını qeyd etdi. İşğaldan azad olunmuş ərazilərdə hazırda ölkəmizin üzləşdiyi ən böyük problemin ermənilər tərəfindən basdırılan minalar olduğunu dedi.

Dövlətimizin başçısı 1-ci Ermənistan-Azərbaycan müharibəsindən indiyədək 4 min soydaşımızın itkin düşdüyünü ATƏT-in fəaliyyətdə olan sədri kimi Zbiqnev Raunun diqqətinə çatdırdı.

Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Bakı şəhərinin gözəlliyinin onu heyran etdiyini deyib.

Zbiqnev Rau Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağına ümidvar olduğunu bildirərək, qeyd etdi ki, nizamlanmaya aparan indiki mərhələ çox nikbin görünür. ATƏT-in fəaliyyətdə olan sədri bu proseslərin Qafqaz regionu, eyni zamanda, Mərkəzi və Şərqi Avropa üçün də çox sevindirici olduğunu dedi və bunun gələcək üçün yeni imkanlar yaratdığını bildirdi.

Qonaq Azərbaycanın hazırda regionun əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini vurğuladı.

Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini deyən Zbiqnev Rau iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məqsədilə qarşıdan gələn aylarda hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini vurğuladı.

Zbiqnev Rau Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində Polşa şirkətlərinin də maraqlı olduğunu bildirib. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

SON XƏBƏRLƏR

Gənc kursantların andiçmə mərasimi keçirilib

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

BÜTÜN XƏBƏRLƏR