BAKU Azərbaycan
14.03 °C

Fövqəladə hallar naziri: “Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ən ümdə vəsiyyətini yerinə yetirdi”

“Heydər Əliyev Azərbaycan xalqının Ulu Öndəridir” - bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Nazir deyib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həm SSRİ, həm də müstəqillik dövrlərində hər zaman Azərbaycan xalqının maraqlarını müdafiə edib, canını bu xalqa fəda edib: “Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan azad edildi. Şuşanın azad edilməsi münasibəti ilə xalqa müraciətində Ali Baş Komandan bildirdi ki, çox xoşbəxt adamdır ki, ata vəsiyyətini yerinə yetirdi. Bu, Ulu Öndərin ən ümdə vəsiyyəti idi və Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ən ümdə vəsiyyətini yerinə yetirdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə və prezident seçkilərində çıxışında qarşıda dayanan birinci məsələnin Qarabağın işğaldan azad edilməsi, torpaqlarımızın geri qaytarılması olduğunu bəyan etmişdi. Ulu öndər çıxışlarında o rayonların hər birinin adını sadalayırdı. Bu gün o rayonlarda Azərbaycan bayrağı dalğalanır. 30 il ərzində bu məsələlər strateji olaraq planlaşdırılırdı, hazırlıq aparılırdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır, Azərbaycan o torpaqlarda quruculuq işləri aparır. O torpaqlar əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsi kimi inkişaf edəcək”.

K. Heydərov vurğulayıb ki, 1990-cı illərin əvvəllərində hakimiyyətdə olan insanlar kürsü uğrunda mübarizə aparıb, ordu quruculuğu həyata keçirilməyib, hazırlıqsız hücumlar olub: “Amma Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin apardığı ardıcıl və uğurlu diplomatik fəaliyyət nəticəsində beynəlxalq aləmə bu torpaqların tarixən Azərbaycan torpaqları olduğu, Azərbaycan torpaqlarının işğal altında olduğu həqiqəti çatdırıldı. Eyni zamanda bu torpaqları hansı yolla olursa olsun, Azərbaycanın azad etmək haqqı olduğu çatdırıldı. Artıq torpaqlarımız işğaldan azad edilib, ərazilər minalardan təmizlənir, infrastruktur qurulur, yollar inşa olunur, ekoloji məsələlər həllini tapır: “Əminəm ki, nəinki o bölgənin sakinləri, hətta Azərbaycanın digər bölgələrindən olan insanlar da bu cənnət yerlərdə yaşamaq üçün can atacaqlar" .