BAKU Azərbaycan
25.03 °C

Yaşlıların rasionunda bu qidalar üstünlük təşkil etməlidir

İnsan orqanizmi yaşlandıqca maddələr mübadiləsi zəifləyir, nəticədə müxtəlif ərzaq məhsullarına tələbat da dəyişir. Yaşlı insanlar yeni növ koronavirus (COVID-19) infeksiyasının yüksək risk qrupuna daxil olduğundan onların düzgün və balanslı qidalanması vacibdir. Ürək-damar xəstəlikləri, şəkərli diabet, təzyiq və digər xəstəliklərin profilaktikasında qidalanma mühüm əhəmiyyət kəsb edir.

Gazetteaz xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Nərmin Ağalarova deyib: "Gündəlik qida rasionunda yüksək vitamin və mineral ehtiva edən ərzaqlara üstünlük verilməsi daha yaxşı olar. Məsələn, A vitamini həzm və tənəffüs sisteminin fəaliyyətində yaxından iştirak edir. Həmin vitamin şirin kartof, propolis, ispanaq, sarımsaq və yumurtanın tərkibində daha çoxdur. S vitamininə əsasən sitrus meyvələrinin tərkibində, eləcə də qırmızı bibər, pomidor və s. qidaların tərkibində rast gəlinir".

Kalsium sümük möhkəmlənməsində mühüm rol oynayır və daha çox tünd yaşıl rəngli tərəvəzlərdə, süd və süd məhsullarında mövcuddur. Qızıl balıq, pendir və yumurtanın tərkibi B vitamini ilə zəngindir.

"D vitamininə isə daha çox yumurta və qızıl balığın tərkibində rast gəlinir. Bundan başqa, E vitamini güclü antioksidantdır, ona əsasən dənli bitkilərin, bitki yağlarının, badam, fıstıq və fındığın tərkibində rast gəlinir. Bundan başqa, sink və K vitamin çatışmazlığı da müxtəlif xəstəliklərin yaranması üçün risk faktoru hesab edilə bilər. Yaşlı insanların menyusuna lifli qidaların da daxil edilməsinin böyük əhəmiyyəti var. Liflə zəngin meyvə və tərəvəzlər bu sahədə çox faydalıdır, çünki yüksək miqdarda mineral və vitamin tərkibinə, həm də daha az kaloriyə malikdirlər", -deyə mütəxəssis bildirib.

Əlli yaşından yuxarı olanların qida liflərinə gündəlik tələbatı 30 qramdır. Liflə zəngin qidalar əsasən meyvə və tərəvəzlərdədir. Bundan başqa, istehlak edilən yağların çoxu sağlam və doymamış yağlardan ibarət olmalıdır.

Həkim-diyetoloq Sevinc Həsənzadə deyib: "Yaşlı insanlar günün birinci yarısında bir porsiya meyvə qəbul etməlidirlər. Tərkibində şəkər olduğuna görə axşam meyvə-tərəvəz qəbul etməkdən uzaq olmalıdırlar. Vaxtında yatmalı, çəkiyə görə kifayət qədər su qəbul edilməlidir. Şəkərli diabet xəstəsi olan yaşlılar axşam vaxtı karbohidrat tərkibli qidalara az üstünlük versinlər. Arterial təzyiqi olanlar isə qoyun ətindən uzaq olmalıdırlar".

Orqanizm kifayət qədər kaliumla təmin etməklə, həmçinin duzdan istifadəni məhdudlaşdırmaqla yüksək təzyiq problemini aradan qaldırmaq mümkündür. Fiziki aktivlik də sağlamlığın vacib şərtlərindəndir. Bədən çəkisinin artması, eləcə də xəstəliklərin yaranması ilə nəticələnir.