BAKU Azərbaycan
26.03 °C

Hamilələrin peyvəndlənməsi tövsiyə olunur – Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi bəzi hamilələrin vaksin olunmasını tövsiyə edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, son elmi tədqiqatların nəticələri, bir sıra ölkələrin təcrübəsi nəzərə alınaraq hamilələrə müraciət olunub.

“Son elmi tədqiqatların nəticələrini, bir sıra ölkələrin (ABŞ, İsrail, Belçika, İtaliya, Böyük Britaniya, Sinqapur, Yaponiya və s.) vaksinasiya təcrübəsini, ÜST-nin, CDC-nin, FDA-nın tövsiyələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunmağı tövsiyə edir.

Risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd oluna bilərlər”.

Qeyd edək ki, hamilə qadınlar peyvənd olunduqda, onların əks-göstəriş sertifikatı vaksin sertifikatı ilə əvəzlənəcək.

Səhiyyə Nazirliyindən o da bildirilib ki, koronavirusun daha yoluxucu “Delta” ştamının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə, mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.