
Vüqar GülməmmədovMDB ölkələrinin iclasında iştirak edib
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Ali Audit Orqanları (AAO) Rəhbərləri Şurasının XXI iclasında iştirak edib.
Toplantının əsas mövzusu “Dövlət auditi proseslərində rəqəmsal transformasiya: risklər, imkanlar və innovativ yanaşmalar” olub.
İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, son illər ərzində Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti çərçivəsində mühüm addımlar atılmış, bu istiqamətdə innovativ təşəbbüslər dövlət maliyyə idarəetmə sisteminin iştirakçısı kimi Hesablama Palatası qarşısında da yeni çağırışlar formalaşdırmışdır.
O bildirib ki, müasir dövrdə dövlət auditi rəqəmsallaşma istiqamətində sürətlə inkişaf edir. Xüsusilə böyük verilənlər, maşın öyrənməsi və süni intellekt texnologiyalarının tətbiqi audit proseslərinin səmərəliliyini və analitik dərinliyini artırır.
Sədr audit fəaliyyətinin effektivliyinin artırılması məqsədilə yaradılan Audit Fəaliyyətinin İdarə Olunması Sistemi barədə məlumat verib. O, sistemin audit fəaliyyətinin planlaşdırılması, icrası, hesabatlılığı, izlənilməsi mərhələlərini əhatə etdiyini diqqətə çatdırıb.
Eyni zamanda, Vüqar Gülməmmədov qeyd edib ki, Hesablama Palatasının fəaliyyətində hesabat və məlumatların toplanması, emalı, çeşidlənməsi və icmallaşdırılması işlərinin böyük həcmdə olması bu proseslərin idarə edilməsi sahəsində mərhələli inkişaf etdirilən rəqəmsal platformanın yaradılmasını labüd edir və artıq AAO bu istiqamətdə işlərə başlayıb. Sədr bu təşəbbüsün gözlənilən nəticələri, riskləri və onlara qarşı nəzərdə tutulan mitiqasiya tədbirlərindən də bəhs edib.
İclasda Azərbaycanla yanaşı Rusiya, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Belarus və Özbəkistanın ali audit orqanlarının rəhbərləri də çıxış ediblər. Görüş çərçivəsində MDB-yə üzv dövlətlərin AAO Rəhbərləri Şurasının XXI iclasının Qətnamə və Qərarı, həmçinin 2025–2027-ci illər üzrə İş Planı təsdiq olunub.
Toplantının yekununa əsasən, Özbəkistan Respublikası Hesablama Palatası Şuranın 2025–2027-ci illər üzrə sədri seçilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





