
Ölkəmizin beynəlxalq əməkdaşlıq platformasında oynadığı rol mühüm əhəmiyyət kəsb edir
Bu günlərdə bütün dünyanın diqqəti okeanın o tayına, Nyu-Yorka yönəlib. BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən liderlər, həm yerli, həm regional, həm də beynəlxalq məsələlərə diqqət çəkərək, dünyanın ən böyük təşkilatının nüfuzunun artırılmasına zərurət olduğuna diqqət çəkdilər. BMT kürsüsündən dünyaya səslənən Möhtərəm Prezident cənab İlham Əliyev dərin məzmunlu nitqi ilə xüsusi diqqət çəkdi.
Ölkə başçısı çıxışında bir çox qlobal məsələlərlə yanaşı Azərbaycanın ötən il COP29-a ev sahibliyi etməsinin tarixi uğur olduğunu ifadə etdi. Bu nüfuzlu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun, qlobal çağırışlara verdiyi cavabın və iqlim dəyişmələri ilə mübarizədə göstərdiyi prinsipial mövqeyin bariz nümunəsi oldu.
Ölkəmiz bu mötəbər tədbirə ev sahibliyi etməklə təkcə regionda deyil, qlobal miqyasda da ekoloji problemlərin həllinə öz töhfəsini verə biləcəyini sübut etdi. COP29 çərçivəsində iqlim fəaliyyəti, yaşıl keçid, bərpa olunan enerji mənbələrinin inkişafı və maliyyə resurslarına daha ədalətli çıxış məsələləri diqqət mərkəzində oldu. Xüsusilə inkişaf etməkdə olan ölkələrin səsinin eşidilməsi və onların qarşılaşdıqları çətinliklərin qlobal gündəlikdə yer alması Azərbaycanın təşəbbüskarlığı sayəsində mümkün oldu.
Konfrans müddətində Azərbaycanın həyata keçirdiyi yaşıl enerji layihələri, “yaşıl zona” elan olunmuş azad edilmiş ərazilərdə aparılan işlər, alternativ enerji mənbələrinin yaradılması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Azərbaycanın həm regional, həm də qlobal miqyasda enerji təhlükəsizliyinə verdiyi töhfələr COP29-da bir daha ön plana çıxdı. Burada əsas məqam ondan ibarət idi ki, ölkəmiz iqlim dəyişmələrinə qarşı mübarizədə yalnız özünün deyil, bütün bəşəriyyətin maraqlarını nəzərə alaraq fəaliyyət göstərdiyini nümayiş etdirdi.
COP29-un Bakıda keçirilməsi eyni zamanda ölkəmizin beynəlxalq əməkdaşlıq platformasında oynadığı mühüm rolu bir daha təsdiqlədi. Qlobal ekoloji siyasətin formalaşmasında Azərbaycanın iştirakı beynəlxalq tərəfdaşlar üçün etibarlı və məsuliyyətli dövlət imicini möhkəmləndirdi. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasəti və təşəbbüsləri sayəsində mümkün oldu.
Elnur Bağırov
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





