
Zərgər dəqiqliyi ilə icra edilən uğurlu siyasət!
Şanlı tariximizin yazıldığı 44 günlük Vətən Müharibəsindən ötən üç il ərzində Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi Azərbaycanın daha bir tədbir görməsini zəruri etdi.
Məlum olduğu kimi kapitulyasiyasını qəbul etmiş düşmənin müharibədən sonrakı davranışları qəbuledilməz idi. Cəbhəboyu törədilən təxribatlar, qanunsuz silahlanmalar, minalanmış ərazilərin xəritələrinin gizlədilməsi, sülh çağırışlarına məhəl qoymamaq əsaslı şübhələr kimi qəbul edilirdi.
Son ana qədər təmkin və səbr nümayiş etdirən Azərbaycan lideri Möhtərəm İlham Əliyev bununla bağlı rəsmi İrəvan və onun havadarlarına, eləcə də beynəlxalq təşkilatlara açıq mesajlar verirdi. Lakin hər kəsə bəlli idi ki, təhlükə hər an var və bu qaçılmazdır. Qeyd edək ki, Vətən Müharibəsi zamanı da ölkəmiz beynəlxalq hüquq prinsiplərinə, müharibə qanunlarına tam şəkildə əməl etmişdi.
Azərbaycanın artan təhdid və baş verən proseslər səbəbindən adekvat addımlar atılması tarixi zərurətdən doğurdu. Bu mənada ölkəmizin öz suveren hüquqlarının bərpası və ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə 2023-cü il 19-20 sentyabr tarixlərində reallaşdırdığı antiterror əməliyyatı şanlı tariximizin ən möhtəşəm səhifələrindən biridir. Azərbaycanın mübarizəsi milli təhlükəsizliyimizi təmin etmək məqsədi daşıyırdı. Bu əməliyyatlar nəticəsində erməni separatçılarının bölgədəki qeyri-qanuni fəaliyyətlərinə son qoyulmuş və Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu mükəmməl tədbir nəticəsində Ermənistan növbəti dəfə rəzil məğlubiyyətə uğradı.
Ölkənin milli maraqlarını hər zaman ən yüksək səviyyədə qoruyan cənab Prezident Azərbaycan üçün Zəfər tarixi, həmçinin qəhrəmanlıq epopeyasını yazdı, çoxəsrlik tariximizdə itirlmiş torpaqları geri qaytaran ilk rəhbər adı qazandı. Bu gün çiçəklənən Qarabağımızın, Şərqi Zəngəzurun, hər qarışında qəhrəman Vətən övladlarının ayaq izləri olan torpaqlarımızın yenilənən, gözəlləşən, inkişaf edən simasını gördükdə qürurla deyə bilirik:
Yaşasın Azərbaycan!.
Esmira Məmmədzadə;
Neftçala rayonu
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





